Xəbərlər
Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan ADNSU-da olub

Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan ADNSU-da olub
Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub.
Vitse-prezidenti səfər zamanı Prezident Aparatı rəhbərinin müavini Nquyen Zunq Tien, Vyetnamın xarici işlər nazirinin müavini Danq Hoan Zyanq, sənaye və ticarət nazirinin müavini Fan Thi Thanq, kənd təsərrüfatı və ətraf mühit nazirinin müavini Vo Van Hinq, Vyetnam Sosialist Respublikasının Rusiya Federasiyasındakı və eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri Danq Min Xoy, Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə, eləcə də Prezident Administrasiyasının və müvafiq nazirliklərin digər nümayəndələri, Petrovietnam şirkətinin nümayəndələri müşayiət ediblər.
Səfər çərçivəsində xanım Vo Thi An Suan ADNSU-da 2025-ci ildə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, hazırda ölkə prezidenti olan cənab To Lamın iştirakı ilə ADNSU-da açılmış görkəmli Vyetnam siyasi xadimi Ho Şi Minin xatirə otağını ziyarət edib. Qeyd edək ki, bu xatirə otağı Azərbaycan ali təhsil müəssisələri arasında Vyetnam-Azərbaycan dostluğunu və iki ölkə arasında təhsil əlaqələrini təcəssüm etdirən ilk və yeganə məkan kimi xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində qonaqlar həmçinin ADNSU-nun tarix muzeyini ziyarət ediblər.
Daha sonra ADNSU-nun professor-müəllim heyətinin iştarikı ilə xanım vitse-prezident və nümayəndə heyəti ilə keçirilən görüşdə qonaqları salamlayan rektor Rüfət Əzizov universitetin Vyetnam neft sənayesi üçün mütəxəssislərin hazırlanmasında tarixən mühüm rol oynadığını və bu ənənənin bu gün də davam etdiyini vurğulayıb.
Rektor qeyd edib ki, PetroVietnam şirkətinin Direktorlar Şurasının tanınmış üzvləri arasında təhsilini 106 illik tarixə malik ADNSU-da almış şəxslər var. Onlardan bəziləri doktorantura təhsillərini də məhz bu universitetdə başa vurublar. Bildirilib ki, ADNSU indiyədək 2000-dən çox vyetnamlı tələbənin təhsil aldığı və peşəkar inkişafına töhfə verdiyi doğma universitetə çevrilib.
Vitse-prezident xanım Vo Thi An Suan səmimi qarşılanmaya görə təşəkkürünü bildirib, ADNSU-nun Vyetnam və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində və təhsil körpüsünün qurulmasında rolunu yüksək qiymətləndirib. O, iki ölkə arasında, xüsusilə təhsil sahəsində əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi istiqamətində dəstəyini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə, həmçinin, Vyetnam-Azərbaycan dostluq əlaqələrinin inkişafına töhfə verən nümayəndələr, Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini alim Gülşən Paşayeva, Azərbaycanın fəxri neftçisi Tofiq Məmmədov, xalq artistləri Fidan Hacıyeva və Mənsum İbrahimov, eləcə də Nigar Axundova və Dilarə Əliyeva kimi tanınmış şəxslər iştirak ediblər.
ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verilib

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verilib
Oktyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində müəllimlik peşəsinə həsr olunmuş film nümayiş etdirilib. Filmdə müəllim əməyinin cəmiyyətin inkişafındakı rolu, pedaqoji fəaliyyətin əhəmiyyəti, eləcə də Ümummilli Lider Heydər Əliyevin müəllimlik peşəsi və müəllim əməyinə dair fikirlərindən bəhs olunub. Film iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, dosent Rüfət Əzizov müəllimləri peşə bayramı münasibətilə təbrik edib. Rektor çıxışında müəllimlik peşəsinin cəmiyyətin formalaşmasında və gələcək nəsillərin yetişdirilməsində mühüm rol oynadığını vurğulayıb. O, müəllimlərin pedaqoji fəaliyyətlə yanaşı, elmi-tədqiqat sahəsində də mühüm işlər həyata keçirdiyini qeyd edib.
Rektor Rüfət Əzizov çıxışında Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında səsləndirdiyi fikirlərə və təhsillə bağlı mesajlara istinad edərək müəllimlərin fəaliyyət istiqamətindən bəhs edib. O, universitetdə müəllimlərin fəaliyyətinin yalnız tədrislə məhdudlaşmadığını, onların tələbələrin bilik və bacarıqlarının inkişafı ilə yanaşı, milli-mənəvi dəyərlərin və milli-mədəni irsin qorunmasında da mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, gənclərin savadlı, sağlam düşüncəli və təhlükəsiz mühitdə yetişdirilməsi istiqamətində universitetin, o cümlədən müəllimlərin üzərinə böyük vəzifələr düşür.
Rektor müəllimlərə gələcək fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayıb.
Tədbirdə cari tədris ilində əmək fəaliyyətində fərqlənən 20 müəllimə peşə bayramı münasibətilə 3 min manat, universitetin digər müəllimlərinə isə 200 manat məbləğində pul mükafatı verilib.
Təltif mərasimi universitetdə tədris prosesinin və elmi fəaliyyətin inkişafına töhfə verən əməkdaşların əməyinin qiymətləndirilməsi baxımından əhəmiyyətli olub.
Tədbirin sonunda ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının təqdim etdiyi rəngarəng musiqi və rəqs proqramı nümayiş etdirilib.
ADNSU “THE World University Rankings 2027” reytinqində ümumi göstəricisini 19,3 faiz artırıb

ADNSU “THE World University Rankings 2027” reytinqində ümumi göstəricisini 19,3 faiz artırıb
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) THE World University Rankings 2027 reytinqində əsas göstəricilər üzrə nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Universitet ümumi göstəricisini əvvəlki illə müqayisədə 19,3 faiz artırıb.
Reytinqin Tədris göstəricisi üzrə ADNSU ötən il 1163-cü yerdə olduğu halda, 2027-ci ildə 509-cu pilləyə yüksəlib. Beləliklə, universitet bu göstərici üzrə 654 pillə irəliləyib.
Beynəlxalq perspektiv göstəricisi üzrə də ADNSU-nun mövqeyində nəzərəçarpacaq artım qeydə alınıb. Universitet 1118-ci mövqedən 694-cü mövqeyə yüksələrək 424 pillə irəliləyiş əldə edib.
İstiqamətlər üzrə göstəricilərə nəzər saldıqda da müsbət dinamika müşahidə olunur. Tədris istiqaməti üzrə göstərici 25-dən 35,8-ə yüksəlib. Tədqiqat mühiti göstəricisi 8,1-dən 10,7-yə, Beynəlxalq perspektiv göstəricisi 44,7-dən 58,4-ə, Sənaye ilə əməkdaşlıq göstəricisi isə 19,7-dən 26,9-a yüksəlib.
Eyni zamanda, THE World University Rankings-in əhatə dairəsi də genişlənib. 2026-cı ildə reytinqdə 2191 universitet yer aldığı halda, 2027-ci ildə bu rəqəm 2297-yə çatıb. Azərbaycanın reytinqdə təmsil olunan universitetlərinin sayı da 4-dən 5-ə yüksəlib.
ADNSU-nun THE World University Rankings 2027-dəki nəticələri universitetin qlobal reytinq mühitində mövqeyini gücləndirdiyini göstərir. Xüsusilə tədris, beynəlxalq perspektiv, tədqiqat mühiti və sənaye ilə əməkdaşlıq istiqamətlərində göstəricilərin yüksəlməsi universitetin müxtəlif fəaliyyət sahələri üzrə inkişaf dinamikasını əks etdirir.
ADNSU-da 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

ADNSU-da 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən əvvəl universitet rəhbərliyi və şəhid ailələrinin üzvləri ADNSU-nun şəhid məzunlarının adını daşıyan auditoriyaları, eləcə də şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi həmçinin Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov 27 Sentyabr – Anım Gününün şəhidlərin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu bildirib. O, Vətən müharibəsində qazanılan tarixi qələbənin şəhidlərimizin qəhrəmanlığı və xalqımızın birliyi sayəsində mümkün olduğunu vurğulayıb. Rektor şəhidlərin fədakarlığının gənc nəsli üçün örnək vətənpərvərlik nümunəsi olduğunu qeyd edərək, universitetdə şəhid tələbə və məzunların xatirəsinin hər zaman yaşayacağını bildirib.
Sonra 44 günlük Vətən müharibəsinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
Şəhidlərin ailə üzvlərinin iştirak etdiyi görüşdə ADNSU-nun şəhid məzunu Şahgündüz Cabbarovun qardaşı Ülvi Cabbarov şəhid ailələri adından göpstərilən diqqətə görə təşəkkürünü bildirib və qardaşı Şahgündüz Cabbarovla bağlı xatirələrni bölüşüb.
Bədii hissə ilə davam edən tədbirdə tələbələrin ifasında vətənpərvərlik mövzusunda şeir və musiqi səsləndirilib.
Tədbir şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başa çatıb.
ADNSU UI GreenMetric 2026 reytinqində Azərbaycan üzrə birinci olub

ADNSU UI GreenMetric 2026 reytinqində Azərbaycan üzrə birinci olub
Sentyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi” keçirilib.
Mərasimdə “UI GreenMetric World University Rankings” üzrə 2026-cı ilin nəticələri açıqlanıb.
2026-cı il üzrə yeni nəticələrə əsasən, ADNSU Azərbaycan üzrə dayanıqlılıq inkişaf göstəricisinə görə 22 universitet arasında birinci sırada yer alıb.
ADNSU, həmçinin regionun ən fəal universiteti elan olunub.
Qeyd edək ki, ümumilikdə dünyanın 110 ölkəsindən 2016 universitet reytinqə daxil olub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 366-cı yerlə ölkə üzrə ən yüksək nəticəni göstərib. Bakı Dövlət Universiteti 369-cu, Azərbaycan Texniki Universiteti 436-cı, Azərbaycan Dövlət İqtisad Universiteti 445-ci, Azərbaycan Memarlıq və İnşaat Universiteti isə 449-cu yerdə qərarlaşıb.
Bununla yanaşı, ADNSU Dayanıqlı Universitetlər Reytinqi Şəbəkəsində ön sırada qərarlaşıb. Bu nəticə universitetin dayanıqlılıq istiqamətində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə qiymətləndirildiyini göstərir.
“UI GreenMetric” çərçivəsində ADNSU-da “ECO-SYNERGY 2026” Beynəlxalq elmi konfransı keçirilib

“UI GreenMetric” çərçivəsində ADNSU-da “ECO-SYNERGY 2026” Beynəlxalq elmi konfransı keçirilib
Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi” çərçivəsində elmi-texniki və tədqiqat istiqamətli tədbirlər davam edib.
Tədbirlər proqramının ilk günündə həmçinin ali təhsildə dayanıqlılığın, innovasiyanın, elmi əməkdaşlığın və məsuliyyətli yanaşmaların təşviqinə həsr olunan “ECO-SYNERGY 2026” Beynəlxalq elmi konfransı keçirilib.
ECO-SYNERGY 2026-da 8 ölkədən — Azərbaycan, Türkiyə, Pakistan, Malayziya, İndoneziya, Qırğızıstan, Gürcüstan və Filippindən olan tədqiqatçılar və akademik qurumların nümayəndələri iştirak ediblər.
Konfransa ümumilikdə 60 elmi iş təqdim olunub. Elmi qiymətləndirmənin nəticələrinə əsasən, onlardan 12-si konfransda məruzə ilə çıxış etmək üçün seçilib. Seçilmiş elmi işlərdən 7-si artıq “Scopus” bazasında indekslənən Q1–Q2 kvartilli elmi jurnallarda dərc üçün müsbət rəy alıb.
Konfrans çərçivəsində ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli, dayanıqlı inkişaf, innovativ texnologiyalar və multidissiplinar tədqiqatlar üzrə elmi məruzələr təqdim olunub, fikir və təcrübə mübadiləsi aparılıb.
ECO-SYNERGY 2026 yeni elmi əlaqələrin qurulması, beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi və gələcək birgə tədqiqat təşəbbüslərinin formalaşdırılması baxımından mühüm platforma olub.
Konfrans “UI GreenMetric” təşəbbüsünün əsas istiqamətlərindən biri olan dayanıqlı inkişaf prinsiplərinin ali təhsil müəssisələrində tətbiqi məsələlərinin elmi müstəvidə müzakirəsi baxımından əhəmiyyət daşıyıb. Tədbirdə universitetlərin ekoloji dayanıqlılığın təmin edilməsində rolu, innovativ yanaşmaların tətbiqi, resurslardan səmərəli istifadə, elmi-tədqiqat fəaliyyətinin dayanıqlı inkişaf məqsədləri ilə əlaqələndirilməsi və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi kimi məsələlər diqqət mərkəzində olub.
“ECO-SYNERGY 2026” konfransının əsas məqsədi elm, təhsil və innovasiya imkanlarının dayanıqlı inkişaf prinsipləri ətrafında əlaqələndirilməsi, bu istiqamətdə təcrübə və elmi yanaşmaların paylaşılması, eləcə də ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarının müzakirə edilməsidir.
Konfrans çərçivəsində dayanıqlı universitet modelinin formalaşdırılması, ekoloji məsuliyyətin artırılması və innovativ həllərin ali təhsil mühitinə inteqrasiyası ilə bağlı məsələlərin elmi və praktiki aspektləri müzakirə olunub.
ADNSU-da “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi”nə start verilib

ADNSU-da “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi”nə start verilib
Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi”nə start verilib.
ADNSU-nun ev sahibliyi və təşkilatçılığı, eləcə də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilən beynəlxalq tədbirin məqsədi ali təhsil müəssisələrinin ətraf mühitin mühafizəsi, enerji səmərəliliyi, iqlim fəaliyyəti və dayanıqlı inkişaf istiqamətlərində əldə etdiyi nailiyyətləri qeyd etmək, 2026-cı il üzrə qlobal reytinq nəticələrini elan etmək və təcrübə mübadiləsi aparmaqdır. Tədbirdə müxtəlif ölkələrdən universitet rəhbərləri, beynəlxalq ekspertlər, siyasətçilər və tədqiqatçılar, eləcə də yerli ali təhsil müəssisələrinin rəhbərləri və elm adamları iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin ADNSU-dakı büstünün ziyarəti ilə başlayıb. Daha sonra ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxış edərək universitetdə dayanıqlılığın prioritet istiqamətlərdən biri olduğunu, ekoloji göstəricilərin yaxşılaşdırılması, yaşıl prinsiplərin təhsil və tədqiqatlara inteqrasiyası istiqamətində ardıcıl işlərin aparıldığını bildirib. O, universitetlərin əməkdaşlıq və bilik mübadiləsi vasitəsilə qlobal ekoloji çağırışların həllinə və Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verə biləcəyini vurğulayıb.
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Həsən Həsənli və ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin çıxışlarında ali təhsil, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahələrində həyata keçirilən tədbirlər, universitetlərin bu istiqamətdə üzərinə düşən vəzifələr və beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova çıxışında ali təhsil müəssisələrinin dayanıqlı inkişafın təşviqində roluna, ekoloji yanaşmaların təhsil və elmi fəaliyyətə inteqrasiyasının əhəmiyyətinə diqqət çəkib.
İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Berlian Helmy , UI GreenMetric Təşkilat Komitəsinin sədri Vishnu Juwono və IREG Akademik Reytinq və Mükəmməllik Müşahidə Mərkəzinin prezidenti Waldemar Swinski çıxışlarında isə dayanıqlı universitetlərin inkişafında beynəlxalq əməkdaşlığın, qabaqcıl təcrübələrin bölüşülməsinin və daha yaşıl kampusların formalaşdırılmasının əhəmiyyətini vurğulayıblar. UI GreenMetric-in 2010-cu ildə 35 ölkədən 95 universitetlə başladığı, 2025-ci il reytinqində isə 105 ölkədən 1745 universiteti əhatə etdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi”nin I günündə bir konfrans, 5 panel sessiya, 2 vorkşop keçirilib, həmçinin ayrı-ayrı ali təhsil müəssisələrinin əməkdaşlığı istiqamətində yeni müqavilələr imzalanıb. Tədbir sentyabrın 25-dək davam edəcək.
ADNSU-da 15 Sentyabr – Bilik Günü qeyd edilib
ADNSU-da 15 Sentyabr – Bilik Günü qeyd edilib
Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirin açılışında çıxış edən ADNSU-nun rektoru dosent Rüfət Əzizov universitetdə tələbələrin müasir təhsil alması və öz potensiallarını reallaşdırması üçün yaradılan şəraitdən, beynəlxalq əlaqələrinin genişlənməsindən və son illərdə əldə olunan reytinq nəticələrindən danışıb. Rektor Rüfət Əzizov həmçinin yeni tədris ili münasibətilə tələbələri təbrik edib, onlara təhsil və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra “SOCAR Polymer” MMC-nin baş direktoru Fuad Əhmədov çıxış edərək tələbəlik illərinin peşəkar inkişaf baxımından əhəmiyyətindən, müasir sənayenin ixtisaslı və bacarıqlı kadrlara ehtiyacından söz açıb. O, yeni tədris ilinin başlanması münasibətilə tələbələri təbrik edərək, onlara təhsil və gələcək karyeralarında uğurlar arzulayıb.
Tədbir musiqi və rəqs proqramı ilə davam edib.
Daha sonra universitetə ən yüksək balla qəbul olunan tələbələr çıxış ediblər. Tədbirin davamında fakültələr üzrə ən yüksək nəticə göstərmiş 35 tələbə mükafatlandırılıb.
Sonda AZİİ Himninin səsləndirilib.
SABAH.city-də tədris ilinin ilk dərs günü keçirilib

SABAH.city-də tədris ilinin ilk dərs günü keçirilib
SABAH.city innovasiya şəhərciyində yeni tədris ilinin ilk dərs gününə həsr olunmuş açılış mərasimi keçirilib.
Tədbirdə SABAH.city innovasiya şəhərciyinin baş icraçı direktoru Nihat Məcidov iştirak edib. O, tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək, onlara təhsil, elmi fəaliyyət və gələcək karyeralarında uğurlar arzulayıb.
Nihat Məcidov SABAH.city-nin yaradılma məqsədi, missiyası və əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, innovasiya şəhərciyi müasir təhsil, elm, innovasiya və sahibkarlığın vahid ekosistem çərçivəsində inkişafını, universitet–sənaye əməkdaşlığının gücləndirilməsini, eləcə də gənclərin tədqiqat və innovasiya fəaliyyətinə cəlb olunmasını hədəfləyir.
Tədbirdə tələbələrin suallarını cavablandıran Nihat Məcidov SABAH.city-də yaradılan imkanlar, təhsil və tədqiqat mühiti, həyata keçirilməsi nəzərdə tutulan layihələr və inkişaf perspektivləri barədə fikir və məlumatlarını bölüşüb.
Sual-cavab sessiyası ilə davam edən görüşdə tələbələr SABAH.city-nin fəaliyyəti və yaradılan imkanlarla bağlı suallarını ünvanlayıb, fikir və təkliflərini səsləndiriblər.
ADNSU “Baku ID 2026” innovasiya festivalında təmsil olunur

ADNSU “Baku ID 2026” innovasiya festivalında təmsil olunur
17–18 sentyabr tarixlərində SABAH.city innovasiya şəhərciyində “Baku ID 2026” innovasiya festivalı keçirilir.
İnnovasiya və texnologiyaların inkişafına, startap ekosisteminin gücləndirilməsinə və yeni texnoloji həllərin təqdimatına həsr olunan festival çərçivəsində panel müzakirələri, çıxışlar, startap təqdimatları və müxtəlif sessiyalar təşkil olunur.
Tədbirin açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf, “PAŞA Maliyyə Holdinq”in baş icraçı direktoru Fərid Məmmədov, dövlət və özəl qurumların rəhbər şəxsləri, ali təhsil müəssisələrinin rektorları, tələbələr, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov, eləcə də universitetin 40-a yaxın müəllimi və 200-ə yaxın tələbəsi iştirak edib.
Nazirlər və digər yüksək vəzifəli qonaqlar “SABAH.city” layihəsi çərçivəsində yaradılan ADNSU Mərkəzindəki laboratoriyalarla, müasir tədris və elmi-tədqiqat infrastrukturu ilə tanış olublar.
Festival çərçivəsində yerli və beynəlxalq startaplar öz həllərini Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Yaxın Şərq və Şimali Afrika regionlarını, eləcə də digər beynəlxalq bazarları təmsil edən investorlar qarşısında təqdim edirlər.
ADNSU festivalda həm də tələbələrin hazırladığı iki startap layihəsi – “VestoAI” və “Teseract” ilə təmsil olunur.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ADNSU-da “Bərpa olunan enerji resursları” mərkəzi və laboratoriyalarının açılışı olub

ADNSU-da “Bərpa olunan enerji resursları” mərkəzi və laboratoriyalarının açılışı olub
Sentyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bp şirkətinin sosial sərmayəsi hesabına yaradılan “Bərpa olunan enerji resursları” mərkəzi və laboratoriyalarının açılış mərasimi keçirilib.
1000 kvadratmetr sahəni əhatə edən yeni mərkəz və laboratoriyalar müasir texnologiyalarla təchiz olunmaqla tələbə və tədqiqatçıların bərpa olunan enerji sahəsində nəzəri biliklərini praktiki məşğələlərlə möhkəmləndirməsinə, müasir avadanlıq və texnoloji həllərlə işləmək bacarıqlarının inkişafına imkan yaradacaq.
Açılış mərasimində ADNSU rəhbərliyi, aidiyyəti dövlət qurumlarının, bp şirkətinin və tərəfdaş təşkilatların nümayəndələri, professor-müəllim heyəti, tələbələr, gənc tədqiqatçılar və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov yeni mərkəz və laboratoriyaların universitet üçün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, belə bir müasir infrastrukturun yaradılması ADNSU-da universitet-sənaye əməkdaşlığının inkişafına, tələbələrin əmək bazarının tələblərinə uyğun hazırlanmasına və onların müasir texnologiyalar üzrə praktiki kompetensiyalarının artırılmasına mühüm töhfə verəcək. Yeni mərkəzin energetika, elektrik mühəndisliyi və enerji resursları sahələrində ADNSU-nun tarixi regional liderlik mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edəcəyi vurğulanıb.
bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti, Birləşmiş Krallığın Britaniya İmperiyası Ordeninin fəxri zabiti (OBE) doktor Bəxtiyar Aslanbəyli çıxışında layihənin ərsəyə gəlməsində təhsil və sənaye əməkdaşlığının rolunu diqqətə çatdırıb. O, təşəbbüsün ADNSU ilə Böyük Britaniyanın Vorvik Universiteti arasında həyata keçirilən bərpa olunan enerji üzrə ikili diplom proqramı ilə əlaqəsini qeyd edib. Bildirilib ki, belə layihələr ali təhsil müəssisələri ilə sənaye arasında əməkdaşlığın genişləndirilməsinə, müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasına və tələbələrin real sənaye mühiti ilə daha yaxından tanış olmasına imkan yaradır.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Sətərova çıxışında ADNSU-da həyata keçirilən yeni layihələrin ali təhsilin inkişafına verdiyi töhfələrdən bəhs edib. O, yeni laboratoriyaların müasir bilik və bacarıqlara malik kadrların hazırlanması baxımından əhəmiyyətini vurğulayıb, keyfiyyətli təhsilin təmin olunmasında belə infrastruktur layihələrinin, eləcə də gənc tədqiqatçıların dəstəklənməsinin vacibliyini diqqətə çatdırıb.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə çıxışında bərpa olunan enerji mənbələrindən səmərəli istifadə və bu sahədə dayanıqlı nəticələrin əldə olunmasında ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Bildirilib ki, elmi-tədqiqat fəaliyyəti, innovativ yanaşmalar və yüksəkixtisaslı mütəxəssislərin hazırlanması bərpa olunan enerji sahəsinin inkişafının əsas istiqamətlərindəndir.
Açılış mərasimində iştirakçılara yeni mərkəz və laboratoriyaların texniki və funksional imkanları təqdim olunub. Qeyd edilib ki, laboratoriyaların ADNSU-nun təhsil mühitinə inteqrasiyası tələbə yönümlü praktiki hazırlığın gücləndirilməsinə, tədrisin müasir texnologiyalarla əlaqələndirilməsinə və tələbələrin peşəkar kompetensiyalarının inkişafına şərait yaradacaq.
Yeni laboratoriyalar, həmçinin ADNSU ilə Böyük Britaniyanın Vorvik Universiteti arasında həyata keçirilən bərpa olunan enerji üzrə ikili diplom magistr proqramının tədris bazasının gücləndirilməsinə xidmət edəcək. Bu baxımdan mərkəz həm tədris, həm də elmi-tədqiqat fəaliyyəti üçün mühüm platforma rolunu oynayacaq.
Qeyd edək ki, “Bərpa olunan enerji resursları” mərkəzi və laboratoriyalarının yaradılması bp-nin bərpa olunan enerji sahəsində ixtisaslaşan yeni nəsil yerli mühəndislərin hazırlanmasına yönəlmiş 2 milyon ABŞ dolları məbləğində sosial sərmayə təşəbbüsünün yekun hissəsidir. Təşəbbüs 2021-ci ildə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə bp arasında yerli universitetlərin birində bərpa olunan enerji mənbələri üzrə proqramın yaradılması ilə bağlı imzalanmış əməkdaşlıq haqqında niyyət protokoluna əsaslanır.
Açılış tədbiri çərçivəsində ADNSU-nun gənc tədqiqatçıları və ikili diplom proqramının iştirakçıları ilə görüş də keçirilib. Görüş zamanı yeni tədqiqat imkanları, elmi fəaliyyətin inkişafı və sənaye ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.


